Astaralı oğlan qız adı ilə həmcinsinin pullarını ələ keçirdi

Astaralı oğlan qız adı ilə həmcinsinin pullarını ələ keçirdi

Astara rayonunda 20 yaşlı Rauf həmcinsini intim yazışmaları ilə şantaj edərək ondan 720 manat alıb.
Rauf 2025-ci ilin fevral–mart aylarında "Facebook"da qadın adı ilə saxta hesab açıb, internetdən götürdüyü qadın şəkillərini yerləşdirib və Fuadla yazışmağa başlayıb. Hətta qadın səsi ilə səsli mesajlar göndərərək onu qadın olduğuna inandırıb. Raufun sözlərinə görə, məqsədi əvvəldən Fuaddan pul almaq olub.
Fuad görüşmək istəyəndə isə Rauf planını dəyişib. Öz mobil nömrəsindən "WhatsApp" vasitəsilə ona yazaraq özünü telefon ustası kimi təqdim edib və intim yazışmaların təmirə gətirilən telefondan əldə edildiyini bildirib. Yazışmaların skrinşotlarını göndərərək onları Fuadın qohumları və tanışları arasında, eləcə də sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Rauf əvvəlcə 500 manat tələb edib. Fuadın yalnız 300 manatı olduğunu deməsindən sonra bu məbləğlə razılaşıb. Daha sonra müxtəlif vaxtlarda yenidən pul istəyib və Fuad ümumilikdə 720 manat göndərib.
Sonuncu dəfə Rauf 200 manat tələb edəndə Fuad artıq polisə müraciət edib. Rauf isə polisə çağırıldığını öyrənəndə telefondakı məlumatları silib və mobil telefonunu 80 manata satıb.
Məhkəmədə Rauf özünü qismən təqsirli bilib və peşman olduğunu deyib. Astara Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 3 il 26 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli müəssisədə çəkəcək.
Adlar şərtidir.
Mənbə: demokrat.az