Masallı Məhkəməsinin sədrinin peşəkarlığı sual altındadır: Vətəndaş yol istəyir, hakim torpaqları bölür

Masallı Məhkəməsinin sədrinin peşəkarlığı sual altındadır: Vətəndaş yol istəyir, hakim torpaqları bölür

“Yolun açılmasını istəyirəm, hakim isə ekspertizaya torpaq sahələrinin bölünməsi ilə bağlı suallar verir”

Bəzən vətəndaşın problemi o qədər aydın olur ki, onun həlli üçün mürəkkəb hüquqi mübahisələrə ehtiyac qalmır. Sadəcə, mövcud vəziyyət araşdırılmalı, faktlar müəyyənləşdirilməli və qanunun tələblərinə uyğun qərar verilməlidir. Ancaq görünən odur ki, mənim Masallı Rayon Məhkəməsində baxılan işimdə məsələ heç də bu qədər sadə getmir.

Mərhum atam sağlığında Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən 0,27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mənə bağışlayıb. Həmin torpaq sahəsi 28 oktyabr 2022-ci il tarixdə 2322023399 qeydiyyat nömrəli, 805013041707 reyestr nömrəli çıxarış əsasında qanuni qaydada adıma dövlət qeydiyyatına alınıb.
Lakin torpaq sahəmə gedən mövcud yol qonşularım tərəfindən əkin sahəsinə çevrilib, ərazidə ağaclar əkilib və yol dəmir məhəccərlə bağlanıb. Nəticədə mülkiyyətimdə olan torpaq sahəsinə giriş-çıxış imkanım faktiki olaraq aradan qaldırılıb.
Qonşularımla dəfələrlə danışaraq problemi həll etməyə çalışsam da, nəticə əldə edə bilməmişəm. Buna görə də hüquqlarımın məhkəmə vasitəsilə müdafiəsinə ümid edərək Masallı Rayon Məhkəməsinə müraciət etmişəm. İddiamın mahiyyəti sadə və aydındır: torpaq sahəmə gedən yolun qanunsuz bağlanmış hissəsi açılsın və mülkiyyətimdən istifadə etməyimə maneə aradan qaldırılsın.

Ancaq Masallı Rayon Məhkəməsinin sədri, hakim Zaur Tağıyevin icraatında olan bu işin gedişi məndə ciddi narazılıq yaradıb. Qarşılaşdığım mənzərə belədir: vətəndaş konkret problemin həllini istəyir, məhkəmənin prosessual yanaşması isə həmin problemin araşdırılmasını çətinləşdirir.
11 iyun 2026-cı il tarixdə hakim Zaur Tağıyev mülki iş üzrə mütəxəssis rəyi alınması barədə qərardad qəbul edib. Qərardadda müvafiq rəyin hazırlanması üçün qərardad və mülki işin materialları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olduqdan sonra bir aylıq müddət müəyyənləşdirilib. Mütəxəssis rəyi təqdim edilənədək iş üzrə icraatın dayandırılması da qərara alınıb.

Lakin qərardadın qəbulundan düz 4 ay 10 gün sonra — 21 oktyabr 2026-cı il tarixdə mütəxəssis əraziyə baxış keçirmək üçün gəlib.
Bu müddətin niyə belə uzanması özü ayrıca sualdır. Ancaq daha ciddi problem ekspertizanın qarşısına qoyulmuş suallarla bağlıdır.
Hakim mütəxəssis qarşısında aşağıdakı sualları qoyub:
1. Torpaq sahəsinin iddiaçının və cavabdehlərin 1/18 hissədə paylarına uyğun naturada ayrılması mümkündürmü?
2. Belə bölgü mümkündürsə, hansı formada həyata keçirilə bilər?
3. Torpaq sahələrinin həmin paylara uyğun naturada ayrılması mümkündürsə, bölgü planı hazırlanaraq məhkəməyə təqdim edilsin.

İndi gəlin, məsələnin mahiyyətinə diqqət yetirək. Mən torpaq sahəmin paylara bölünməsini, naturada ayrılmasını və ya bölgü planının hazırlanmasını tələb etməmişəm. Mənim iddiam bağlanmış gediş-gəliş yolunun açılması ilə bağlıdır.
Bəs hakim Zaur Tağıyev hansı əsasla torpaq sahələrinin 1/18 hissədə paylara uyğun bölünməsini ekspertiza suallarının mərkəzinə gətirib? Bu suallar mənim iddia tələbimin hansı hissəsinə cavab verir? Yolun haradan keçdiyini, hansı hissəsinin bağlandığını və torpaq sahəmə giriş-çıxışın hansı qaydada təmin oluna biləcəyini müəyyənləşdirmədən pay bölgüsünün araşdırılması işin həllinə necə kömək etməlidir?
Məhkəmənin qərardadında göstərilən sualların məzmunu ilə iddiamın predmeti arasında aşkar uyğunsuzluq görürəm. Bu, sadəcə ifadə və ya texniki məsələ deyil. Ekspertizanın istiqamətini müəyyən edən sualların düzgün qoyulmaması işin nəticəsinə birbaşa təsir göstərə bilər.

Əraziyə gələn mütəxəssis mənə məhkəmənin sualları ilə müraciətimin mahiyyətinin uzlaşmadığını bildirdi. Nəticədə ölçmə işləri aparılmadı.
Ekspertizanın qarşısına hansı sualların qoyulmasına qərar verən hakimdir. Məhz buna görə də sualların iddia tələbinə uyğunluğuna dair iradlarımın əsas ünvanı hakim Zaur Tağıyevdir.
Hakimin vəzifəsi yalnız qərardad çıxarmaq deyil. O, işin düzgün araşdırılmasına xidmət edən prosessual qərarlar qəbul etməli, ekspertizanın predmetini iddia tələbinə uyğun müəyyənləşdirməli və qanunla nəzərdə tutulan prosessual tələblərə riayət olunmasını təmin etməlidir.
Əgər vətəndaş yolun açılmasını istəyirsə, ekspertizanın qarşısında həmin yolun mövcudluğunun, yerləşməsinin, bağlanmış hissəsinin və giriş-çıxışın təmin olunması üçün əhəmiyyətli olan digər halların araşdırılması məsələsi qoyulmalı idi.
Mənim qənaətimə görə, bu işdə ekspertizaya verilən sualların seçilməsi ciddi peşəkar mübahisə doğurur və hüquqi qiymətləndirmə tələb edir. Həmin sualların iddianın mahiyyətinə uyğun olmaması işin araşdırılmasını ləngidib və ölçmə işlərinin aparılmasına mane olub.
Əraziyə baxış zamanı ölçmə işlərinin aparılmaması vaxt itkisi ilə yanaşı, məhkəmə araşdırmasının səmərəliliyinə dair də ciddi narahatlıq yaradır.
Ekspertizaya verilən sualların məzmunu və bu qərarların işin gedişinə təsiri əsaslı şəkildə araşdırılmalıdır.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova səslənirəm.
Cənab Kərimov!
Məhkəmə hakimiyyəti dövlət adından ədalət mühakiməsini həyata keçirir. Bu səlahiyyət yüksək peşəkarlıq, qanuna sədaqət və məsuliyyət tələb edir. Hakimin qərarları yalnız işin gedişinə deyil, insanların məhkəməyə olan inamına da təsir göstərir.

Masallı Rayon Məhkəməsinin sədri, hakim Zaur Tağıyevin səriştəsizliyi məndə məhkəməyə olan inamı sarsıdır, onun bu iş üzrə ədalətli qərar çıxaracağına dair şübhələr yaradır. Zaur Tağıyevin işə məsuliyyətsiz yanaşdığını hesab etdiyim üçün vətəndaş olaraq əziyyət çəkirəm.

Əkin mövsümü başlayır. Mən isə hələ də yolun açılması üçün məhkəmənin verəcəyi qərarı gözləyirəm. Proses bu şəkildə uzanmaqda davam edərsə, bu il də torpağımdan lazımınca istifadə edə bilməyəcəyimdən narahatam.

Cənab Kərimov, xahiş edirəm, bu müraciətimə diqqət yetirilsin, qeyd etdiyim hallar səlahiyyətli qurumlar tərəfindən araşdırılsın və hakim Zaur Tağıyevin bu iş üzrə prosessual qərarlarına qanun çərçivəsində hüquqi qiymət verilsin.
Mənim tələbim sadədir: Yol açılsın, hüququm qorunsun, ədalət gecikməsin!
Cəfər Cəfərov
Jurnalist, ictimai fəal