Masallıdan olan Tibb baş idarəsinin rəisinə vaxtından əvvəl rütbə verildi

Masallıdan olan Tibb baş idarəsinin rəisinə vaxtından əvvəl rütbə verildi

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq qərarı ilə Masallı rayonundan olan Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi, həkim-qastroenteroloq Cəmil Rasim oğlu Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant xüsusi rütbəsi verilib.

Fakt.info xəbər verir ki, Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə ixtisasını bitirib. 2012–2015-ci illərdə Türkiyə Respublikasının Hacettepe Universitetinin Tibb fakültəsində tibbi-elmi araşdırmalar aparıb, qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib. 

O, əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayıb. 2010–2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.
Cəmil Kamilli 2016–2019-cu illərdə Respublika Müalicə-Diaqnostika Mərkəzində, 2019–2024-cü illərdə isə "Leyla Medical Center" və Liv Bona Dea Hospitalda həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

2024-cü ilin iyul ayında Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Cəmil Kamilli hazırda bu quruma rəhbərlik edir.

Masallıdan olan gənc mütəxəssisin peşəkar fəaliyyəti və dövlət qulluğundakı uğurları rayon ictimaiyyəti üçün də qürurvericidir.

Cəmil Kamillini yeni rütbəsi münasibətilə təbrik edir, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayırıq!