Azərbaycan - Almaniya birgə universiteti yaradıla bilər

Azərbaycan - Almaniya birgə universiteti yaradıla bilər

Azərbaycan Almaniya ilə birgə universitetin yaradılması üçün danışıqlara başlamağı təklif edib.

Fakt.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.

Bayramov bildirib ki, almaniyalı həmkarına Azərbaycan–Fransız Universiteti və İtaliya–Azərbaycan Universitetinin təcrübəsi barədə məlumat verib. Nazir Azərbaycanın oxşar layihəni Almaniya ilə də həyata keçirməkdə və danışıqları sürətlə irəli aparmaqda maraqlı olduğunu qeyd edib.

Nazirin sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində mindən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. O, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının da azərbaycanlı tələbələrin bu ölkədə təhsil almasında mühüm rol oynadığını vurğulayıb.

Brifinqdə iki ölkə arasındakı tarixi bağlara da toxunulub. Bayramov alman icmalarının vaxtilə Göygöl və Şəmkirdə məskunlaşdığını, onların Azərbaycana gəlişinin 200 illiyinin 2017-ci ildə qeyd edildiyini xatırladıb.