Cəlilabad sakini satdığı kartofun pulunu həmkəndlisindən ala bilmir
Cəlilabad rayonu, Kazımabad kənd sakini Qismət Bədirov satdığı kartofun pulunu ala bilmir.
Xezerxeber.az məlumat verir ki, təsərrüfatçının sözlərinə görə, ötən ilin may ayında min bir əziyyətlə becərdiyi kartofu həmyerlisi İlqar Ağayevə satıb. Həmyerlisi də deyib ki, sentyabr ayında pulunu verəcək. Amma üstündən 9 ay ötməsinə baxmayaraq, hələ də, satdığı malın pulunu ala bilmir.
Qismət Bədirov deyir ki, hər dəfə İlqar Ağayevə zəng etsə də, vəddən başqa bir nəticəyə çata bilməyib.
Şikayətə əsasən İlqar Ağayevlə telefon əlaqəsi saxlanılıb. O bildirib ki, bir-neçə günə Qismət Bədirova qalan borcunun tamamını ödəyəcək.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, vətəndaşın sözügedən məsələ ilə bağlı polis orqanına müraciəti daxil olmayıb. Buna baxmayaraq məsələ araşdırılacaq və vətəndaşa dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün müvafiq tədbirlər görüləcək.