KİŞİ SÖZÜ və ya HÜMMƏTİN HİKMƏTİ

KİŞİ SÖZÜ və ya HÜMMƏTİN HİKMƏTİ

Keçmişdə babalarımız, atalarımız iş birliyi üçün sövdələşəndə sənəd, imza, möhür tələb etməzdilər. Onlar arasında sadəcə KİŞİ SÖZÜ keçərli olardı. Əgər arada kişi sözü varsa bir-birlərinə var-dövlətlərini arxayınlıqla əmanət edərdilər. 

Bu gün isə biznes qurmaq, iş görmək üçün kişi sözü verən, etibar etdiyin şəxslər sabah verdiyi sözə, yoldaşlığa xəyanət edərək nakişi, şərəfsiz insan qismində qarşına çıxır. Belələrinə “insan” deməyə də adamın dili gəlmir.. 

Ərkivan ta qədimdən məhəllələr və bu məhəllədə yaşayan nəsillərlə tanınıb.
Övlad, oğul yaxşı olanda “Ot kökü üstə bitər” deyirlər. Naxələf olanda isə yarızarafat “dayısına çəkib” söyləyirlər. 
Haqqında söz açacağım “qəhraman” isə hər iki tərəfdən sayılıb-seçilən nəsilin nümayəndəsidir. Bəs görəsən haramxorluqda, dələduzluqda bu kimə oxşayıb?

Mən Hümmət Rafiq oğlu Kazımovu qəsəbəmizin sakini, məhəllə uşağı kimi tanımışam. Uzaqdan qohumluq əlaqələrimiz də var. Lakin, heç zaman yaxın münasibətimiz olmamışdı. Ta bu hadisə baş verənə kimi..
Keçən ilin əvvələrində ailəmizə məxsus torpaq sahəsini Hümmət vasitəsilə satanda isti münasibətlərimiz yarandı. O, özünü bacarıqlı, işgüzar adam kimi göstərir, yeni qurduğu biznes sahəsinin ona uğur gətirdiyindən söz açıraq mənə də biznes qurmağı təklif edirdi. Çünkü bilirdi ki, torpaq sahəsi satmışam və əlimdə pulum var.

Özünün avtomobil ehtiyyat hissələrinin satışı və kartof sahələrinin əkilib, topdan satışı biznesinə məni də şərik olmağa təklif etdi. Bu sahələrdən anlayışımın olmadığını bildirdikdə isə bütün işi özü digər şərikləri ilə birlikdə görəcəyini, qoyduğum pulun qarşılığında qazancın onunla yarı böləcəyimi bildirdi. Heç vaxt tanımadığım, üzlərini görmədiyim, heç bir əlaqəm olmayan şəxslərlə Hümmət Kazımov vasitəsilə şərikli biznes əlaqəsinə girdik. Ümumiyyətlə mən biznesin fəaliyyəti zamanı digər şəriklərimi görmədiyim kimi, kartof sahələrini, avtomobil ehtiyyat hissələrini də görmədim. 
Hümmətlə 5-6 dəfə pul dövriyyəsi etdim, az da olsa qazanc adı ilə mənə pul verirdi. O bu minvalla məndə inam yaradaraq aldığı pulların məbləğini artırırdı. 
Bir neçə ay sonra onun mənə pul qaytarmasının gecikdirməsi, başqa dostu ilə aralarında yaranan pul konflikti məndə əsaslı şübhələr yaratdığı üçün biznes fəaliyyətimizə xitam vermək qərarına gəldim. 

Hümmətin qardaşı Hikmət Kazımovun və digər yaxın qohumlarının iştirak etdiyi söhbətimiz zamanı hesabımıza görə Hümmətin mənə ümumilikdə 18000 manat verəcəyinin olduğuna razılaşdıq. Hikmət məndən xahiş etdi ki, bu barədə hüquq mühafizə orqanlarına şikayət etməyim, yaxın zamanda qardaşının əvəzinə həmin pulu mənə qaytaracağına KİŞİ SÖZÜ verdi. O, iki ay müddətində mənə 4000 manat pul qaytardı. 2024-cü ilin sentyabr ayından bu günə qədər onun mənə 14000 manat verəcəyi qalıb ki, hələ də ala bilmirəm. 
Mən sonradan öyrəndim ki, Hümmət lap əvvəldən mənim etibarımdan sui istifadə edərək pulumu dələduzluq yolu ilə mənimsəyibmiş. Əslində bizim heç biznes sahələrimiz də olmayıb, heç Hümmətin barəsində danışdığı digər şəriklər də uydurulma imiş.

Mən Hümmətin aldatdığı, etibarından sui isifadə etdiyi ilk adam da deyilmişəm. Hümmət bir neçə nəfərə qarşı az və çox məbləğdə dələduzluq edib. O, öz sinif yoldaşı, dostu olan iş adamı Amid İbadovun da etibarından sui istifadə edərək ona qarşı 50000 manata yaxın məbləğdə dələduzluq edib. Amid İbadovun şikayəti əsasında Abşeron Rayon Məhkəməsinin qərarı ilə Hümmət Kazımov barəsində həbs qətimkan tədbiri seçilib və hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır.
Bütün vasitələrdən, əlaqələrdən istifadə etdim ki, Kazımov qardaşları mənim pulumu qaytarsınlar. Bir neçə dəfə danışıqlarımız, görüşlərimiz oldu. Lakin heç bir fayda vermədi. Bir dəfə Hümmətlə telefonda danışarkən söhbətimiz mübahisəyə keçdi və onların yaşadığı küçəyə gedərək, söhbətə aydınlıq gətirmək istədim. Sən demə Kazımov qardaşları və Masallı Polis Şöbəsində işləyən əmiləri oğlu Kamran Kazımovla əlbir olaraq mənə tələ qurublarmış. Telefonda hümmət bilərəkdən məni hirsləndirirmiş ki, onu təhqir edim, Kamran da bu hadisəni telofonla videoya çəkirmiş. Bir neçə dəqiqə sonra onların küçəsində olanda Kamranla Hümmət mənə yaxınlaşdı. İdarə etdiyim avtomobildən yerə düşmədim. Avtomobilin pəncərəsindən aramızda kiçik dialoq oldu. Sonra oranı tərk etdim. 
Mən gedəndən sonra Kamranın göstərişi ilə Hikmət və Hümmət “102” xidmətinə zəng edərək məndən şikayət edir, Masallı prokurorluğuna, Milli Məclisə, Ombusmana eyniməzmunlu şikayətlər edərək güya onların evinə hücum çəkdiyimi, zorakı hərəkət etdiyimi bildirirlər. Yenə də Allah üzümə baxır, avtomobildən yerə düşməmişəm, yoxsa bu yaşımda zorlama maddəsi ilə də məni şərləyərdilər.  
Vəziyyətin belə olduğunu görüb məcbur qalaraq Hümmət Kazımovun dələduzluq əməlinə görə Masallı Rayon Polis Şöbəsinə şikayət etdim. Şikayətim Şöbənin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Muradov Elvin Əlioğlan oğlunun icraatında oldu. Müstəntiq işi tam araşdırmadan, heç bir mötəbər sübutlara istinad etmədən işi mülkü məsələyə çevirərək mənim hüquqlarımı qəsb elədi.

Əldə etdiyim məlumatlara əsasən işin obyektiv araşdırılmasına mane olan qüvvələr var idi. Onlardan biri mənə qarşı dələduzluq edən Hümmət Kazımovun əmisi oğlu Kamran Ədalət oğlu Kazımovdur. Kamran Masallı Polis Şöbəsində polis serjantı, polis sürücü nəfəridir. İlk baxışdan Kamranın vəzifəsi kiçik görsənsə də himayədarlarına güvənərək rayonda, xüsusəndə işlədiyi şöbədə söz sahibidir. İşdən çox Beynəlxalq yükdaşıma və loqostika sahəsində səriştəsi vardır. Öz adına olmasa da bir neçə TİR yükmaşınına sahibdir. Deyilənə görə DİN orqanlarında rəhbər vəzifələrdə çalışan bir neçə nəfərin də yük maşınlarına nəzarət edir. Bu gücündən istifadə edən Kamran əmisi oğluna kömək məqsədi ilə istintaqın gedişinə müdaxilə edə bilib. Lakin nədənsə hər yerdən, hər işdən xəbərdar olan Daxili İşlər Nazirliyi 600 manat maaş alan əməkdaşının böyük biznesi ilə maraqlanmır.

Hümmət Kazımovu düşdüyü bataqlıqdan çıxarmaq istəyən, işin gedişinə mane olan digər qüvvə isə qardaşı Hikmət Rafiq oğlu Kazımovdur. Məlumatıma görə Hümmətin mənə və həmkəndlim Amid İbadova qarşı etdiyi dələduzluq əməllərinin ssenarisi Hikmət tərəfindən yazılıb. Onlar əldə etdikləri pulla TİR yük maşını alıblar. Masallı Elektrik Şəbəkəsində Aparıcı mühəndis vəzifəsində çalışan Hikmət Kazımovun maaşı 700 manat olmasına baxmayaraq onun öz adına 44CL246 (44ZB146), heç yerdə işləməyən qardaşı Hümmətin adına isə 44CKO57 (44ZA864) Dövlət nömrə nişanlı TİR yükmaşınları var.  
Müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxardığı qərardan məhkəməyə şikayət etdim.
Masallı Rayon Məhkəməsinin hakimi Zeynal Zeynalov sağ olsun ki, işi obyektiv araşdıraraq müstəntiqin qərarını ləğv edərək materialın yenidən araşdırılaraq baş vermiş hadisəyə hüquqi qiymət verilməsindən ötrü Masallı Rayon Polis Şöbəsinə göndərilməsini barədə qərar çıxardı.
Hazırda iş yenidən Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılır.

İnanıram ki, KİŞİ SÖZÜ ilə iş gördüyüm, etibar etdiyim şəxslər bu sözdən qaçsalar da, qanundan qaça bilməyəcəklər!
Cəfər Cəfərov, 
Fakt.info