Hikmət Kazımovun şər-böhtan oyunu – Masallı polisində dələduza dayaq var

Hikmət Kazımovun şər-böhtan oyunu – Masallı polisində dələduza dayaq var

Ötən həftə yazdığım “Kazımov qardaşlarının dələduz oyunları – Masallı polisində isə başqa oyunlar gedir” və daha öncə dərc etdiyim “KİŞİ SÖZÜ və HÜMMƏTİN HİKMƏTİ” adlı məqalələrdə Kazımov qardaşlarının həyata keçirdiyi dələduzluq əməli və bu əməllərə düzgün hüquqi qiymət verməyən Masallı polisinin fəaliyyətsizliyi barədə faktlar təqdim olunmuşdu. Yazılar cəmiyyətdə rezonans doğurdu.

Amma görünür ki, həqiqətin işıq üzü görməsi Hikmət Kazımovu ciddi narahat edib. O, dərhal polisə müraciət edərək mənim barəmdə şikayət qaldırıb. İddiasına görə, guya yazı vasitəsilə onun “şərəf və ləyaqəti” alçaldılıb. Halbuki məqalədə təqdim edilən bütün məlumatlar real faktlara əsaslanırdı. Bu addımı ilə Hikmət Kazımov bir daha göstərdi ki, o, dələduzluğunu ört-basdır etmək üçün şər və böhtana sığınır.

Maraqlıdır ki, artıq polis şöbəsində Hikmətin bu əsassız iddiası əsasında tədqiqat da başlanılıb. Yəni, real dələduzluq faktlarını illərlə araşdırmayan Masallı polisi, Hikmət Kazımovun şər-böhtanla dolu qurama şikayətini dərhal icraata götürür.

Əslində bu, Kazımov qardaşlarının çoxdan tanınan oyunudur. Əvvəllər də qardaşlardan biri – Hümmət Kazımov – mənim onlarla görüşmək üçün küçələrinə getməyimi dərhal “zor tətbiqi” kimi qələmə verərək, qardaşı Hikmətlə birlikdə həm polisə, həm də prokurorluğa müraciət etmişdi. Halbuki söhbət sadəcə mülki xarakterli mübahisədən gedirdi.

Kazımov qardaşlarının polis orqanlarında işləyən qohumlarının və himayədarlarının olması məsələyə başqa çalar qatır. Bu “isti qucaq” onlara özlərini toxunulmaz hiss etməyə imkan verir. Onların hər şər-böhtanı dərhal araşdırılır, amma real cinayətləri ört-basdır edilir.

Hazırkı vəziyyət göstərir ki, Kazımov qardaşlarının sonrakı addımı mənə qarşı daha ağır ittihamlarla – hətta zorlama və təcavüz kimi tamamilə əsassız maddələrlə iş açdırmaq ola bilər. Bu isə artıq təkcə mənim deyil, bütövlükdə vətəndaşların təhlükəsizliyi üçün həyəcan siqnalıdır.

Hazırda mənim Kazımovların dələduzluq əməlləri ilə bağlı şikayətimi üçüncü müstəntiq – mayor Eşqin Əliyev araşdırır. Lakin mötəbər mənbələrin dediyinə görə, bu müstəntiq də özündən əvvəlkilər kimi işi obyektiv araşdırmayacaq, cinayət işinin başlanmasını rədd edəcək. Çünki göstəriş yuxarıdan belə gəlib.

Beləliklə, Hikmət Kazımovun şər-böhtançı addımları və Masallı polisinin ikili standartları ortadadır. Bu gün dələduzluğa göz yuman, şər-böhtanı müdafiə edən hüquq-mühafizə sistemi, sabah başqa günahsız insanların taleyini də qaralaya bilər. Bu isə artıq təkcə şəxsi mübahisə deyil – ümumi ədalət və hüquq məsələsidir.
Cəfər Cəfərov,
Fakt.info