SİMDNX-nin 5 saylı Regional Bölməsində Zəfər Günü qeyd edildi

SİMDNX-nin 5 saylı Regional Bölməsində Zəfər Günü qeyd edildi

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 5 saylı Lənkəran-Astara Regional Bölməsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Tədbirlər çərçivəsində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, Vətənə sədaqət və ekoloji maarifləndirmə məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Bölmənin əməkdaşları tərəfindən müxtəlif növ sitrus ağacları əkilib, ətraf ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bundan əlavə, Bölmədə “Zəfərin elmi-sosial və ekoloji əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda Bölmənin rəisi Rusif Kərimov, aparıcı məsləhətçi-müfəttiş Təhməz Cəfərov, böyük məsləhətçi-müfəttiş İbrahim Həsənov, rəis müavini Mahmud Məmmədov, məsləhətçi-müfəttiş Rauf Bağırov və qazi atası, “SEDAM” MMC-nin mühəndisi Cahid Zairov çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin siyasi və mənəvi əhəmiyyəti vurğulanıb, torpaqlarımızın azad edilməsində Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin misilsiz rolu qeyd olunub.

Tədbirdə həmçinin su ehtiyatlarından səmərəli istifadə, ekoloji təhlükəsizlik və idarəetmə sahəsində mövcud çağırışlar geniş şəkildə müzakirə edilib.