“Masallı Ziyalıları”-nın sədri avtomobil qəzasında dünyasını dəyişdi – DOSYE

“Masallı Ziyalıları”-nın sədri avtomobil qəzasında dünyasını dəyişdi – DOSYE

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.

Fakt.info xəbər verir ki, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev idarə etdiyi avtomobillə Masallı şəhərində başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəzadan sonra özəl klinikalardan birinə aparılan Qardaş Fətullayev orada vəfat edib.

Qeyd edək ki, 78 yaşlı Qardaş Məhərrəm oğlu Fətullayev uzun illər Masallı rayonunda təhsilin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərib, ziyalı kimi böyük nüfuz qazanıb. O, xidmətlərinə görə “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

Filologiya elmləri doktoru, tanınmış tənqidçi alim Vaqif Yusifli “Həyatla üz-üzə” adlı kitabını Qardaş Fətullayevin həyat və yaradıcılığına həsr edib.

Qardaş Fətullayev sosial şəbəkələrdə, xüsusilə Facebook platformasında da fəal idi. O, tez-tez fəlsəfi düşüncələrini ictimaiyyətlə bölüşür, oxucuları düşünməyə sövq edən paylaşımlar edirdi.

Onun vəfatından təxminən 5 saat əvvəl şəxsi Facebook profilində paylaşdığı son status isə uzun müddət yaddaşlarda qalacaq:
“Gündəlik hərəkətin barədə düşünüb təhlil etməmək, yeyib-içib həzm etməməyə oxşayır.”
Allah rəhmət eləsin.
///Fakt.info