Məhkəmə istintaqın natamam aparıldığını dördüncü dəfə təsdiqlədi – Masallıda ədalət harada itir?

Məhkəmə istintaqın natamam aparıldığını dördüncü dəfə təsdiqlədi – Masallıda ədalət harada itir?

REKORD: dördüncü dəfə məhkəmədə qalib gəldim – şikayətim beşinci dəfə yenidən araşdırmaya göndərildi..

Masallı rayonunda aylardır davam edən bir dələduzluq işi artıq təkcə mənim şəxsi hüquq mübarizəm deyil. Bu proses eyni zamanda yerli istintaq və nəzarət mexanizmlərinin real vəziyyətini açıq şəkildə ortaya qoyur.

Mənim rəsmi müraciətim əsasında Masallı Rayon Polis Şöbəsində aparılan araşdırma artıq dördüncü dəfə məhkəmə tərəfindən ləğv edilərək yenidən istintaqa qaytarılıb. Buna baxmayaraq, hər dəfə eyni nəticə ilə üzləşirəm: “Cinayət tərkibi yoxdur.”

Həmkəndlim Hümmət Kazımov etibarımdan sui-istifadə edərək yalan biznes vədləri ilə pulumu mənimsəyib. Sonradan dələduzluq faktı üzə çıxanda qardaşı Hikmət Kazımov məndən şikayət etməməyimi xahiş edib və dəymiş zərərin onun tərəfindən ödəniləcəyinə söz verib. Qismən ödəniş edilsə də, hazırda 12 min manat ödənilməyən məbləğ qalır. Daha sonra Hikmət Kazımovun da verdiyi vədə əməl etmədiyi, məni ikinci dəfə aldatdığı məlum olub. Beləliklə, Kazımov qardaşları ardıcıl şəkildə etibarımdan sui-istifadə ediblər.
Faktla bağlı 2025-ci ilin yanvarında rəsmi qaydada müraciət etmişəm. İş müxtəlif vaxtlarda dörd müstəntiqin — Elvin Muradov, Saday Mehrabov, Eşqin Məmmədov və son olaraq Əli Şiriyevin icraatında olub.
Hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib, hər dəfə də məhkəmə bu qərarları ləğv edib.
Sonuncu dəfə Masallı Rayon Məhkəməsinin hakimi Fidan Qasımlı müstəntiq Əli Şiriyevin qərarını əsassız, natamam və qeyri-obyektiv hesab edərək işi yenidən istintaqa göndərib. Bu artıq dördüncü məhkəmə ləğvidir.

Bir jurnalist və hüququnu bilən vətəndaş olaraq bir ildən çoxdur ki, Masallı polisinin və onların apardığı "istintaq"a nəzarət edən prokurorluğun işə qeyri-obyektiv yanaşmasına qarşı mübarizə aparıram.
Belə vəziyyətdə savadsız, gücsüz və hüquqi bilikləri olmayan vətəndaşların hansı ədalətsizliklərlə üzləşdiyini təsəvvür etmək çətin deyil. Artıq bu cür şikayətçilər mənim apardığım mübarizəni izləyərək media rəhbəri kimi onlara da kömək etməyim üçün mənə müraciətlər etməyə başlayıblar..
İctimai maraq doğuran mühüm məqamlardan biri də budur ki, Hümmət Kazımov eyni üsulla başqa bir şəxsi də aldadıb. Həmin fakt üzrə Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılıb, cinayət işi başlanıb. Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə qərarı ilə barəsində müvafiq cəza verilib.
Bu isə haqlı sual yaradır:
Eyni əmələ görə Abşeronda cinayət işi açılır, Masallıda isə “cinayət tərkibi yoxdur”?

Hesab edirəm ki, işin obyektiv aparılmamasında Hümmət Kazımovun əmisi oğlu — Masallı RPŞ-nin əməkdaşı, polis serjantı Kamran Ədalət oğlu Kazımovun və onu himayə edən şəxslərin rolu var. O, xidməti səlahiyyəti olmadan Hümmətlə aramızdakı şəxsi söhbəti gizli şəkildə videoya çəkib və sonradan bu materiallardan təzyiq vasitəsi kimi istifadə edib. Rayon daxilində müəyyən əlaqələrə malik olması istintaqın qərəzsizliyinə ciddi kölgə salır.
Mən dəfələrlə Masallı RPŞ-nin rəisi Azay Ağayevin və Masallı Rayon prokuroru Vəli Mustafayevin qəbulunda olmuşam. “Obyektiv araşdırma” vədi verilsə də, nəticə dəyişməyib.
Xüsusi vurğulamaq istəyirəm ki, problem nə Daxili İşlər Nazirliyinin, nə də Baş Prokurorluğun ümumi siyasəti ilə bağlıdır. Əksinə, Baş prokuror Kamran Əliyevin və Daxili İşlər Naziri Vilayət Eyvazovun rəhbərliyi dövründə hüquq-mühafizə orqanlarında şəffaflığın artdığı məlumdur. Lakin Masallı rayonunda yerli strukturların fəaliyyəti bu ümumi mənzərə ilə ciddi ziddiyyət təşkil edir.
Bu səbəbdən Azərbaycan Respublikasının Baş Prokuroruna rəsmi şikayət ərizəsi ünvanlayaraq işin Masallı RPŞ-dən alınaraq başqa istintaq orqanına verilməsini və məsul şəxslər barəsində xidməti araşdırma aparılmasını xahiş etmişəm. Təəssüf ki, iş növbəti — beşinci dəfə yenidən Masallı Prokurorluğuna və Masallı RPŞ-nin İstintaq Bölməsinə qaytarılıb. Halbuki problemin əsas qırılma nöqtəsinin məhz burada olduğu artıq dörd məhkəmə qərarı ilə təsdiqlənib.
Bir şikayətçi vətəndaş olaraq dörd dəfə məhkəmədə qalib gəlmişəm, lakin hüququm bərpa olunmur. Bu halda məsuliyyət kimdədir — polis, prokurorluq, yoxsa icra olunmayan məhkəmə qərarlarında?
Masallıda bu sual hələ də cavabsız qalır.

Sonda bir vətəndaş olaraq xahiş edirəm ki, Baş prokuror cənab Kamran Əliyev və daxili işlər naziri cənab Vilayət Eyvazov məni şəxsən qəbul edib dinləsinlər və bu ədalətsizliyin aradan qaldırılmasına köməklik göstərsinlər.
Cəfərov Cəfər Məzahir oğlu
Masallı rayonunun Ərkivan qəsəbə sakini