“Xocalıya qayıdırıq” – Masallı səhnəsində

“Xocalıya qayıdırıq” – Masallı səhnəsində

Xocalı soyqırımının otuz dördüncü ildönümü ilə əlaqədar Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində “Xocalıya qayıdırıq” tamaşası nümayiş olunub.

Fakt.info xəbər verir ki, jurnalist-publisist Akif Ağayevin müəllifi olduğu dram əsəri Xalq teatrının kollektivi və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə ərsəyə gəlib.
Rayon icra hakimiyyəti əməkdaşlarının, idarə, təşkilat rəhbərlərinin, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, eləcə də Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, Dövlət Himnimiz səsləndirilib.

Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışlarında ötən əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımından, işğalçılar tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin, bu istiqamətdə ardıcıl fəaliyyətin davam etdirilməsində ölkə Prezidenti İlham Əliyevin xidmətlərindən danışıblar. Natiqlər vurğulayıblar ki, Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması qətliam qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha təsdiqlədi. Bir zamanlar doğma torpaqlarından didərgin düşən xocalılar, şuşalılar, ağdərəlilər, xankənililər bu gün öz yurdlarına qalib xalqın nümayəndələri kimi qayıdırlar. 

Daha sonra tamaşa nümayiş etdirilib. Faciə qurbanlarının kədərli taleyindən bəhs edən səhnə əsərində eyni zamanda Xocalıya qayıdışın sevinc və qüruru bədii dillə tamaşaçılara çatdırılıb. Tamaşa iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, aktyor və tələbələrdən Qardaşəli Bədəlov, Aybəniz Həsənova, Cavid Quliyev, Nəzrin Hənifəyeva, Sevinc Babayeva, Kənan Qasımov, Nazim Seyfullayev, Rəvan Abbaszadə, Mirsəccad Sultanov və Fərid Nəsirovun yer aldığı tamaşanın quruluşçu rejissorları Akif Ağayev və Ramil İbrahimov, səhnə və musiqi tərtibatçıları isə Elsevər Əliyev və Ruslan Zahidovdur.

Akif VAQİFOĞLU,
foto E.Əlövsətoğlu, Faiq Mirzə