Ekoloq Xəzərlə bağlı çoxlarını narahat edən suala aydınlıq gətirdi

Ekoloq Xəzərlə bağlı çoxlarını narahat edən suala aydınlıq gətirdi

Xəzər dənizinin gələcəyi ilə bağlı açıqlanan yeni proqnozlar narahatlıq doğurur. İddialara görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər. Hətta ən optimist ssenariyə əsasən belə, Xəzər hövzəsinin şimal və şərq hissələrində dəniz sahili yüzlərlə kilometr geri çəkiləcək. Proqnozlara görə, Bakı artıq sahilyanı şəhər olmayacaq. Türkmənistandakı nəhəng Qaraboğazgöl körfəzi tamamilə quruyacaq.

Bu proqnozlar nə dərəcədə realdır və onların gerçəkləşmə ehtimalı hansı amillərdən asılıdır?

Demokrat.az-a bu barədə açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki,  Xəzər dənizinin səviyyəsinin kəskin enməsi nəticəsində Bakının dəniz şəhəri statusunu itirə biləcəyi ilə bağlı səsləndirilən fikirlər mənə görə bir qədər şişirdilmiş proqnozlardır:

"Əgər bu proqnozlar qlobal istiləşmə ilə əlaqələndirilirsə, nəzərə almaq lazımdır ki, qlobal istiləşmə bəzi bölgələrdə yağıntıların artmasına da səbəb olur. Məsələn, bu il Azərbaycanda yağıntıların intensivliyi artdı və hətta daşqınlar müşahidə edildi. Xəzər dənizi tarix boyu səviyyəsinin dövri enib-qalxması ilə bütün proqnozları dəfələrlə alt-üst edib. Buna görə də əsrin sonuna qədər onun taleyi ilə bağlı qəti proqnoz vermək doğru yanaşma deyil. Hesab edirəm ki, yaxın onilliklərdə Xəzər dənizində müşahidə olunan səviyyə enişi dayanmalıdır”.

Ekoloq əlavə edib ki, Qaraboğaz gölünün (körfəzinin) quruması ilə bağlı ehtimallar isə müəyyən mənada mümkündür:

"Lakin bunun qarşısının alınması üçün həm Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda, həm də birgə məsuliyyəti var. Bu istiqamətdə fəaliyyət göstərən birgə qurumlar mövcuddur və onların müvafiq tədbirlər görəcəyi gözlənilir. Burada əsas məsələlərdən biri Volqa çayının Xəzərə gətirdiyi su həcminin artırılmasıdır. Məncə, yaxın vaxtlarda bu istiqamətdə həll yolları tapıla bilər. Bundan əlavə, qlobal istiləşmə fonunda şimal qütblərində buzlaqların əriməsi və şimal çaylarında suyun artması baş verərsə, bu, Volqa çayının da sululuğuna müsbət təsir göstərəcək. Nəticədə Xəzər dənizinə daha çox su axıdılması üçün imkan yaranacaq və bu da dənizin səviyyəsinin sabitləşməsinə müsbət təsir edə bilər”.