YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib

YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.

Fakt.info xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilat tərəfindən həyata keçirilən işlər, rayonda keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən, sosial-iqtisadi inkişafdan, genişmiqyaslı islahatlardan və sosial layihələrdən danışıb. Qeyd edib ki, son illərdə görülən işlər ölkənin hərtərəfli inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və regionların inkişafına mühüm töhfələr verib.

Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, partiyanın dövlətçilik maraqlarına və xalqın iradəsinə əsaslanan fəaliyyətindən bəhs ediblər.

Konfransda Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Seymur Nuriyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva da çıxış ediblər.

Çıxışlarda Azərbaycanın müstəqillik dövründə qazandığı mühüm nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolundan bəhs olunub.

Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.