Şəhid yadigarları ali məktəbə qəbul olundu

Şəhid yadigarları ali məktəbə qəbul olundu

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən müharibəsi şəhidi Elvin Əzizovun qızlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib.

Fakt.info xəbər verir ki, görüşdə şəhidin qızları Şəhanə Əzizova və Aybəniz Əzizova ilə yanaşı, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, şəhidin atası Əfrail Əzizov və qardaşı iştirak ediblər.

Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.

Araz Əhmədov bildirib ki, Vətən müharibəsi şəhidlərinin övladlarının yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunması həm ailələri, həm də onları tanıyan hər kəs üçün qürurverici hadisədir. Onun sözlərinə görə, gənclərin təhsilə və elmə göstərdiyi maraq şəhidlərimizin əziz xatirəsinə göstərilən ən dəyərli ehtiram nümunələrindəndir.

Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb, onları narahat edən məsələlər diqqətdə saxlanılıb. Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqət mərkəzində saxlanılır, onların müraciət və qayğılarının həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi dövlət qayğısını xüsusi qeyd edərək, bu diqqətin ailələr üçün böyük mənəvi dayaq olduğunu vurğulayıblar.

Şəhid atası Əfrail Əzizov rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi mütəmadi diqqət və qayğını yüksək qiymətləndirib. O, övladlarının ali məktəbə qəbul olunmasının ailə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Görüş səmimi söhbət və xoş arzularla başa çatıb.