Aztəminatlı ailələrə yardım verilməyəcək - Ərkivan Xeyriyyə Cəmiyyəti

Aztəminatlı ailələrə yardım verilməyəcək - Ərkivan Xeyriyyə Cəmiyyəti

Ərkivan Xeyriyyə Cəmiyyətinin idarə heyəti Ərkivan qəsəbəsində yerləşən “Portağal” kafesində iclas keçirib. Dəyirmi masa arxasında keçən gərgin iclas zamanı Xeyriyyə Cəmiyyətinin nizamnaməsində və fəaliyyət istiqamətlərində bəzi əlavə və düzəlişlər edilib.

Fakt.info xəbər verir ki, idarə heyyəti tərəfindən hamılıqla Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən bundan sonra bayramlarda aztəminatlı ailələrə sovqat bağlamalarının verilməməsinə qərar verilib. 

Bir neçə gün öncə Qurban bayramı aksiyasında Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən aztəminatlı ailələrə 7020 manat yardım edilmişdirsə, digər xeyriyyəçilər tərəfindən qəsəbədə 18330 manat dəyərində sovqat bağıamaları paylanılıb.

Əgər qəsəbədə olan aztəminatlı ailələri digər xeyriyyəçi iş adamları təmin edə bilirsə Ərkivan Xeyriyyə Cəmiyyəti qəsəbə naminə daha vacib və aktual işləri həyata keçirməyi üzərinə götürür.

Vacib və aktual işlər dedikdə isə qəsəbə küçələrinin genişləndirilməsi, abadlaşdırılması, əlaçı tələbələri mükafatlandıraraq elmə həvəsləndirmək, idmançılara dəstək olmaq, tanınmış idmançılar, alimlər, ziyalılarla görüşlər keçirmək, milli və dini bayramlar təşkil etmək nəzərdə tutulur. 

Cəmiyyət üzvləri tərəfindən bu yöndə işlərin həyata keçirilməsinin daha məqsədəuyğun olduğu bildirilib.
 
Növbəti yarımil üçün Mədəni Kütləvi tədbirlər, Vətənpərvərlik, Gənclər və İdman, Dini məsələlər, Elm və təhsil komissiyaları tədbirlər planı hazırlamaq öhdəliyi götürüblər.

Tədbirin sonunda Kazan şəhərində yaşayıb fəaliyyət göstərən həmyerlimiz, xeyriyyəçi iş adamı hacı Süleyman Həsənov qəsəbənin sosial rifah halının yaxşılaşdırılması, mədəniyyət, təhsil, idman sahələrinin inkifafına göstərdiyi daimi dəstəyə görə Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən diplomla təltif edilib.  

Həmçinin Ərkivan futbolunun inkişafına göstərdiyi xidmətlərə görə məşqçi Ramil Həsənov diplomla təltif edilib.