“Yurdumuza bayramlar qoşa gəlir” - Masallıda Novruz təntənəsi

“Yurdumuza bayramlar qoşa gəlir” - Masallıda Novruz təntənəsi

Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Fakt.info xəbər verir ki, bayram şənliyi Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ziyalıları, ağsaqqallar və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin könüllülərinin iştirakı ilə yüksək əhval-ruhiyyədə baş tutmuşdur.

Tədbir çərçivəsində əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bayram münasibətilə təşkil olunmuş meydanda Novruz atributları, xalq sənətkarlığı nümunələri, milli mətbəx təamları və müxtəlif sərgilərlə tanış olmuşdur.
Şənlik Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinin çıxışları və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir. Proqram çərçivəsində Novruzun rəmzləri olan Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı səhnəciklər təqdim olunmuşdur.
Tədbirin davamında rayon rəhbəri Araz Əhmədov el ağsaqqalı Dədə Qorqud obrazı ilə birlikdə xeyir-dua verərək, qədim ənənələrimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əziz Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə rayon sakinlərini təbrik etmişlər.

Sonda rayon rəhbəri Araz Əhmədov, el ağsaqqalı Dədə Qorqud obrazı və şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırdılar.

Ümumrayon Novruz tədbiri sakinlərə xoş bayram ovqatı bəxş etmiş, eyni zamanda milli ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.