Masallıda "Azərbaycan dili: milli kimliyin və mədəni irsin daşıyıcısı” mövzusunda elmi-praktik konfrans keçirilib

Masallıda "Azərbaycan dili: milli kimliyin və mədəni irsin daşıyıcısı” mövzusunda elmi-praktik konfrans keçirilib

14 aprel 2026-cı il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili: milli kimliyin və mədəni irsin daşıyıcısı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı, Masallı rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci, Lənkəran Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universitetinin Cəlilabad filialı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin dəstəyi ilə baş tutub.
İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfrans elm, təhsil və ictimaiyyət nümayəndələrini bir araya gətirərək Azərbaycan dilinin müasir dövrdə qorunması, inkişafı və təbliği istiqamətində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində panel müzakirələri və TEDx formatında çıxışlar təşkil olunub. Panel sessiyalarında sahə üzrə mütəxəssislər tərəfindən dil mədəniyyəti, ana dilinin qorunması, qloballaşma şəraitində milli kimliyin saxlanılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar səsləndirilib.
TEDx formatlı çıxışlarda isə gənc natiqlər və ekspertlər öz ideyalarını, şəxsi təcrübələrini və innovativ baxışlarını iştirakçılarla bölüşərək auditoriyaya motivasiyaedici mesajlar veriblər.
Sonda qeyd olunub ki, bu kimi tədbirlərin təşkili Azərbaycan dilinin zənginliyinin qorunması, gənc nəslə aşılanması və milli-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.