Səyyar Gənclər Xidməti bu dəfə Qəbələ gəncləri ilə görüşüb
"Gənclərlə, gənclər üçün" devizi ilə təşkil olunan layihənin Qəbələdə keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fakt.info xəbər verir ki, açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək layihənin region gənclərinin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Çıxışlarda gənclərin peşəkar inkişaf imkanlarının genişləndirilməsi, ictimai fəallığının artırılması və dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan şəkildə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar və iştirakçılar xidmətin fəaliyyət sahəsi ilə tanış olublar.






