Ərkivanda "Fəxrimiz" layihəsinin ilk qonağı Elgiz Məmmədov oldu

Ərkivanda "Fəxrimiz" layihəsinin ilk qonağı Elgiz Məmmədov oldu

Ərkivan Xeyriyyə Cəmiyyəti uğur qazanmış, tanınmış ərkivanlıların həyat yolu, fəaliyyəti və təcrübəsini gənc nəslə tanıtmaq məqsədilə “Fəxrimiz” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində qəsəbənin müxtəlif sahələrdə uğur əldə etmiş ziyalıları, idmançıları, sənət adamları və digər tanınmış şəxsləri vaxtilə təhsil aldıqları məktəblərdə şagirdlərlə görüşəcək, öz həyat hekayələrini, uğura aparan yollarını bölüşəcəklər.

“Fəxrimiz” layihəsinin ilk qonağı Yunan-Roma güləşi üzrə veteranlar arasında üçqat dünya ikincisi, bir dəfə dünya üçüncüsü, Beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədov olub.

Görüş Ərkivan qəsəbə Ə.Bağırov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Məktəb kollektivi tanınmış idmançını gül çələngi ilə qarşılayaraq ona səmimi münasibət və ehtiram nümayiş etdirib.

Tədbiri Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov açaraq Cəmiyyətin fəaliyyəti, həyata keçirdiyi sosial, xeyriyyəçilik və maarifləndirici təşəbbüslər barədə məlumat verib. O, “Fəxrimiz” layihəsinin əsas məqsədinin şagirdlər arasında elmə, təhsilə və idmana marağı artırmaq, onların dünyagörüşünün formalaşmasına töhfə vermək, doğma yurdda yetişmiş uğurlu insanların həyat yolu vasitəsilə gənclərə motivasiya vermək olduğunu vurğulayıb.

Daha sonra Elgiz Məmmədovun həyat və idman fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. İdmançının qazandığı uğurlar, keçdiyi həyat yolu və zəhmət hesabına əldə etdiyi nailiyyətlər məktəblilərə təqdim edilib.

Videoçarxın nümayişindən sonra Əməkdar müəllim Dadaşbala Duniyev, Əməkdar məşqçi Həbib Mehdiyev, veteran müəllimlər Məmmədağa Sadıqov, Ədalət Kazımov, Səfərəli Salehov, Mehman Məmmədov, məktəbin direktoru İmruzə Allahverdiyeva və xeyriyyəçi iş adamı Sucayət Qasımov çıxış edərək bu cür görüşlərin şagirdlərin mənəvi inkişafı, düzgün həyat istiqaməti seçməsi və motivasiya qazanması baxımından əhəmiyyətindən söz açıblar. Çıxış edənlər Elgiz Məmmədovun məktəbli olduğu illərlə bağlı xatirələrini bölüşərək onun idman sahəsində əldə etdiyi uğurlardan qürur duyduqlarını bildiriblər.

Görüşün ən maraqlı məqamlarından biri şagirdlərin qonaqla interaktiv söhbəti olub. Məktəblilər öz maraq dairələrinə uyğun suallar ünvanlayaraq Elgiz Məmmədovdan səmimi cavablar alıblar. Aktiv iştirak edən, maraqlı sualları ilə seçilən şagirdlərə idmançı tərəfindən hədiyyələr təqdim olunub.

Sonda Beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədov tədbirin təşkilinə görə Ərkivan Xeyriyyə Cəmiyyətinə, məktəb rəhbərliyinə, müəllimlərə və görüşdə iştirak edən qonaqlara minnətdarlığını bildirib. O, şagirdlərə təhsildə, idmanda və həyatda məqsədlərinə çatmaq üçün səbirli, intizamlı, zəhmətkeş olmağı, arzularından vaz keçməməyi tövsiyə edib.

“Fəxrimiz” layihəsinin ilk görüşü doğma Ərkivanın yetişdirdiyi uğurlu insanları gənc nəslə tanıtmaq, məktəblilərə örnək həyat yolları təqdim etmək və qəsəbənin mənəvi dəyərlərini yaşatmaq baxımından yaddaqalan bir tədbir olub.