Tanınmış din xadimi Mirkərim Əliyev vəfat etdi - VİDEO

Tanınmış din xadimi Mirkərim Əliyev vəfat etdi - VİDEO

Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən və öz adını daşıyan “Hacı Mirkərim Ağa” məscidinin imamı, cənub bölgəsinin tanınmış din xadimi Mirkərim Mirabdulla oğlu Əliyev bu gün axşam saatlarında 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Fakt.info xəbər verir ki, Mirkərim Əliyev 25 oktyabr 1939-cu ildə Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində anadan olub. O, dini təhsilini dövrünün nüfuzlu din xadimlərindən alaraq, uzun illər ərzində bölgədə dini-mənəvi dəyərlərin təbliği ilə məşğul olub.

Cənub bölgəsində geniş hörmət qazanan Mirkərim Əliyev həm bilik və savadı, həm də yüksək insani keyfiyyətləri ilə seçilib. Onun fəaliyyəti təkcə dini sahə ilə məhdudlaşmayıb, eyni zamanda insanlar arasında birlik, həmrəylik və mənəvi dəyərlərin möhkəmləndirilməsinə xidmət edib.

Qeyd edək ki, mərhum uzun illər Ərkivan qəsəbəsində fəaliyyət göstərən “Hacı Mirkərim Ağa” məscidinin imamı kimi çalışıb və bu müddətdə yüzlərlə insanın dini maariflənməsində mühüm rol oynayıb.

Mirkərim Əliyevin vəfatı bölgə ictimaiyyəti tərəfindən böyük üzüntü ilə qarşılanıb.
Allah rəhmət eləsin.