Masallıda “Mətbuatımız və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Masallıda “Mətbuatımız və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Masallıda “Mətbuatımız və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Fakt.info xəbər verir ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara Regional Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iyulun 20-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də vəfat etmiş media nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki xidmətlərindən, həmçinin Azərbaycan mətbuatının zəngin ənənələrindən danışıb.

“Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov və Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Gülər Piriyeva çıxışlarında Azərbaycan milli mətbuatının tarixi inkişaf yolundan, müasir informasiya mühitində medianın üzərinə düşən məsuliyyətdən, kütləvi informasiya vasitələrinin milli kimliyin və mənəvi dəyərlərin qorunmasındakı əhəmiyyətindən bəhs ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara Regional Bölməsinin rəis müavini Pərvin İmanov, Əməkdar jurnalist, yazıçı-tərcüməçi Zakir Abbas, “Qanun” nəşriyyatının redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əyyar Tahirov, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev, Masallı Rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbzadə, jurnalistlər Cəfər Cəfərov və Mərhəmət Lələyev, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov çıxış edərək milli mətbuatın cəmiyyətin maariflənməsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai həmrəyliyin gücləndirilməsində mühüm rol oynadığını bildiriblər.

Çıxışlarda həmçinin qeyd olunub ki, qlobal informasiya məkanında milli maraqların qorunması, dezinformasiyaya qarşı mübarizə və cəmiyyətə obyektiv məlumatın çatdırılması baxımından peşəkar, məsuliyyətli və prinsipial jurnalistikanın əhəmiyyəti daha da artır.