Masallıda Milli Mətbuat Günü qeyd olunub

Masallıda Milli Mətbuat Günü qeyd olunub

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Masallı rayon təşkilatında tədbir keçirilib.

“Milli Mətbuat – milli yaddaşımızın salnaməsi” mövzusunda keçirilən tədbir öncəsi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş jurnalistlərin xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə açan AJB Masallı rayon təşkilatının sədri Akif Ağayev həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək vurğulayıb ki, bu əlamətdar gün təkcə mətbuat işçilərinin peşə bayramı deyil, həm də söz azadlığının, milli düşüncənin, maarifçiliyin və vətəndaş məsuliyyətinin təntənəsidir. O qeyd edib ki, Azərbaycan mətbuatı ötən əsrlər ərzində şərəfli inkişaf yolu keçərək ölkəmizin ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib.

Sonra AJB üzvü, “Qanun” nəşriyyatının redaktoru Əyyar Tahirov Azərbaycan mətbuatının 151 illik yolu və rəqəmsal çağırışlarla bağlı məruzə edib. O, bildirib ki, Azərbaycan mediası yeni çağırışlara uyğun inkişaf edir, rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində mühüm fəaliyyət göstərir. Jurnalistlərin peşəkarlığı, obyektivliyi və məsuliyyəti cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.

Masallı RİHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə jurnalistləri rayon rəhbəri Araz Əhmədovun adından təbrik edib, onlara uğurlar arzulayıb, rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə təşəkkürünü bildirib.

Daha sonra fəlsəfə doktoru, yazıçı Əlişirin Şükürlü, Əməkdar jurnalist Zakir Abbas, AJB üzvlərindən Soltanağa Cəfərov, Nazım Əliyev, Dilarə Əliyeva, Xodaşirin Cəbiyev, Əlihüseyn Şükürov, Əntiqə Tağıyeva, Ərəstun Əbilov, Nazim Qərib, Əfrail Fərziyev, Ədalət İsayev və Cəfər Cəfərov çıxışlarında milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabinin əvəzsiz xidmətlərindən və “Əkinçi” qəzetinin xalqın maariflənməsində oynadığı roldan bəhs ediblər. 

Qeyd olunub ki, Masallı rayonunun media nümayəndələri ölkəmizdə gedən sosial-iqtisadi inkişaf proseslərinin, milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrinin və rayonumuzun ictimai həyatının işıqlandırılmasında öz əməyini əsirgəmir. 
Çıxışlar zamanı media sahəsində bəzi çatışmazlıqlar, jurnalistlərin qarşılaşdıqları problemlər dilə gətirilib. Eyni zamanda, müasir dövrdə informasiya müharibəsi şəraitində jurnalistlərin üzərinə düşən məsuliyyətin daha da artdığı vurğulanıb.

Diqqətə çatdırılıb ki, tədbirin məqsədi mətbuat tarixinə nəzər salmaq, jurnalist əməyinə ehtiramı ifadə etmək, yerli media nümayəndələrinin fəaliyyətini dəyərləndirilməsi, gənclərin marağını artırmaq və təcrübə mübadiləsinə şərait yaratmaqdır. 

Bayram tədbiri təşkilatın fəal üzvlərinin təltif edilməsi ilə yekunlaşıb.
Akif AĞAYEV,
Elsevər Əliyev,
Faiq Mirzə.